PSJ "Bornmut"un hücumçusunu 95 milyon avroya ala bilər

Futbol
  • 22 noyabr, 2026
  • 15:30
PSJ Bornmutun hücumçusunu 95 milyon avroya ala bilər

Fransanın PSJ klubu İngiltərənin "Bornmut" komandasında çıxış edən hücumçu Eli Junior Krupini qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Paris təmsilçisi komandanın hücum xəttindəki futbolçuların ciddi zədələri fonunda 20 yaşlı oyunçunun transferi ilə bağlı danışıqları intensivləşdirə bilər.

Belə ki, Fransa millisinin hücumçusu Dezire Due noyabrın 21-də çempionatın XI turunda "Nitsa" ilə keçirilən və 3:2 hesabı ilə başa çatan oyunda dizindən zədələnib. Bundan əvvəl isə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya çarpaz bağlarının qırılması səbəbindən sıradan çıxıb.

Nəşrin məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike Krupinin oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Hücum xəttinin gücləndirilməsi zərurəti klub rəhbərliyini artıq yanvar ayında transfer cəhdi göstərməyə sövq edə bilər.

Bununla yanaşı, fransalı futbolçu ilə Londonun "Arsenal" və "Tottenhem" klubları da maraqlanır. Bildirilir ki, Krupinin transferi potensial alıcıya ən azı 95 milyon avroya başa gələ bilər.

Lakin "Bornmut" qış transfer pəncərəsində əsas oyunçularından biri ilə yollarını ayırmaq niyyətində deyil. Bu isə mümkün transferi çətinləşdirə bilər.