Konstantin Qamsaxurdiya: Azərbaycan Kitab Guşəsi faydalı diskussiya platformasına çevriləcək
- 30 may, 2025
- 14:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kitab Guşəsi müxtəlif məsələlərə dair fikir mübadiləsinin aparılacağı faydalı diskussiya platformasına çevriləcək.
Bunu Gürcüstan Milli Kitabxanasında Azərbaycan Kitab Guşəsinin açılış mərasimi çərçivəsində “Report”un yerli bürosuna açıqlamasında mədəni müəssisənin direktoru Konstantin Qamsaxurdiya deyib.
O, kitabxanada bu guşənin açılmasını Gürcüstan-Azərbaycan dostluğunun daha bir nümunəsi kimi qiymətləndirib:
“Gürcüstan Milli Kitabxanasında Azərbaycanın Kitab Guşəsinin açılması mənə böyük qürur hissi yaşadır. Bu təşəbbüs xalqlarımız və dövlətlərimiz arasında əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinin davamı, eyni zamanda, bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən rəmzi bir hadisədir”.
Onun sözlərinə görə, guşə sadəcə, ədəbiyyatın sərgiləndiyi məkan olaraq qalmayacaq, həm də kitabsevərlərin fikir mübadiləsi aparacağı mədəni platformaya çevriləcək:
“Burada Azərbaycan və Gürcüstan mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi, elmi və tərcüməçilik məktəbləri ətrafında diskussiyalar, dialoqlar və ədəbi görüşlər təşkil ediləcək. Məqsədimiz bu məkanı ortaq fikir mübadiləsi meydanına çevirməkdir”.
K.Qamsaxurdiya elm və mədəniyyət sahələrində ortaq layihələrin həyata keçirilməsinin regionda tarixi birlik və əməkdaşlıq ənənələrini daha da möhkəmləndirəcəyini vurğulayıb.