Kobaxidze hüquq-mühafizə orqanlarını seçkilərdən əvvəl təxribatların qarşısını almağa çağırıb

Region
  • 12 oktyabr, 2024
  • 08:18
Kobaxidze hüquq-mühafizə orqanlarını seçkilərdən əvvəl təxribatların qarşısını almağa çağırıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hüquq-mühafizə orqanlarını 26 oktyabr parlament seçkiləri ərəfəsində xüsusilə ayıq-sayıq olmağa və müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

"2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində ittiham olunan Darço Xeçuaşvilinin Gürcüstana qanunsuz daxil olmaq cəhdinin şübhəli fonunda və radikal müxalifətin partiya ofislərində aparılan cari söhbətləri nəzərə alaraq, bütün hüquq-mühafizə qurumlarını növbəti iki həftə ərzində xüsusi sayıqlıq göstərməyə və təxribatların qarşısını almaqla bağlı diqqətlə işləməyə çağırıram", - Kobaxidze brifinqdə bildirib.

İ.Kobaxidze, həmçinin müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırıb: "Dövlət istənilən təxribata ən sərt cavabı verəcək".

Bununla yanaşı, o qeyd edib ki, seçki kampaniyası "misli görünməmiş sakit şəraitdə" keçir və bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nəşri də təsdiqləyir.