Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian 2025-ci ilin yanvarında əhatəli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalamaq üçün görüşəcək.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi İsmayıl Baqai dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib.
“Ümid edirəm ki, bu sənəd yanvarın sonunda imzalanacaq”, - o qeyd edib.
Məlumata görə, sənəd enerji, istehsal, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edəcək.
Bildirilib ki, dekabrın 23-də Rusiya baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçukun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Tehrana səfər edib. Onların İran prezidenti Məsud Pezeşkianla görüş planlaşdırdığı da vurğulanıb.