Gürcüstanda və Moldovada keçirilən parlament və prezident seçkiləri müvafiq olaraq rəqabətqabiliyyətlilik səviyyəsi, azadlıq və digər meyarlar baxımından çox fərqlənir.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Gürcüstan müxalifətinin küçə etirazları ilə uğur qazanmaq üçün resursları yoxdur:
“Bu seçkilər zamanı aydın göründü ki, onların vətəndaş dəstəyi yoxdur. Əksinə, son seçkilərlə müqayisədə 4 il ərzində onların dəstəyi azalıb, ona görə də küçədə hər hansı uğura nail olmaq üçün onların resursu sıfıra bərabərdir”.
İrakli Kobaxidze bildirib ki, müxalifət seçicilərini aldadıb ki, guya seçkilərdə qalib gəlirlər və indi onlar vətəndaşlar qarşısında özlərinə haqq qazandırmalıdırlar:
“Gürcüstanda parlament seçkiləri azad və sakit şəraitdə keçib. Bunlar ədalətli, rəqabətli seçkilər idi. Təbii ki, belə bir şəraitdə biz bu siyasi qüvvələrə başqa prosesləri həyata keçirmək imkanı verməyəcəyik”.