Gürcüstanda sərt karantin rejimində dekabrın 24-dən gələn ilin yanvarın 2-dək bəzi yumşalmalar tətbiq olunacaq.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, bu müddət ərzində Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavi şəhələrində ticarət obyektləri fəaliyyətlərini bərpa edəcək. Mağazalar saat 07:00-dan saat 19:00-dək işləyəcək və müştəri axınlarına ciddi nəzarət həyata keçiriləcək.
Bundan başqa mehmanxana restoranlarına saat 21:00-dək fəaliyyət göstərməyə icazə verilib.
Xatırladaq ki, koronavirusa yoluxma hallarında artım səbəbindən Gürcüstanda noyabrın 28-dən sərt məhdudiyyətlər tətbiq olunur. Həmin tarixdən etibarən ölkə üzrə ictimai və şəhərlərarası nəqliyyat, ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti dayandırılıb. Xüsusi rejim gələn ilin fevralın 1-dək qüvvədə qalacaq.