Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin təhqir olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, proqramın aparıcısı Giorgi Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.
Müxalif televiziya kanalının bu hərəkəti Gürcüstan hökumətini və ictimaiyyəti hiddətləndirib.
Baş nazir Mamuka Baxtadze “Rustavi 2” kanalını ölkədə qeyri-sabitlik yaratmağa cəhddə ittiham edib: “Bu gün “Rustavi 2”də gördüyümüz iyrənc təxribat aktı və ölkəmizdə sabitliyi pozmağa cəhdindən başqa bir şey deyil. Bu isə tamamilə yolverilməzdir”.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze də “Rustavi 2” kanalının efirində səsləndirilən ifadələri Gürcüstan dövləti və xalqına qarşı təxribat kimi qiymətləndirib.
Gürcüstan prezidenti Salome Zurabişvili də məsələ ilə bağlı bəyanat verib. O, televiziya kanalını dövlət maraqlarına xələl gətirməkdə ittiham edib. Dövlət başçısının sözlərinə görə, Gürcüstanın yolu sülh yolu, gücü isə sabitlikdir.