Ekspert: Azərbaycan və Ermənistan arasında Berlin görüşü davamlı sülhə doğru ümidverici addımdır

Ekspert: Azərbaycan və Ermənistan arasında Berlin görüşü davamlı sülhə doğru ümidverici addımdır Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla bu yaxınlarda Berlində görüş keçirməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına ümid verir və görünən odur ki, bunun vaxtı artıq yetişib.
Region
4 Mart , 2024 13:49
Ekspert: Azərbaycan və Ermənistan arasında Berlin görüşü davamlı sülhə doğru ümidverici addımdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla bu yaxınlarda Berlində görüş keçirməsi Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına ümid verir və görünən odur ki, bunun vaxtı artıq yetişib.

Bunu “Report”a açıqlamasında siyasi analitik, Sent-Endryus Universitetinin Beynəlxalq Münasibətlər Məktəbinin Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun (MECACS) əməkdaşı Nina Lütteryohann deyib.

Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Berlin görüşü dinc ab-havada keçib, tezliklə sülhə nail olunması niyyəti ilə seçilib və bu, yenə ümidverici səslənir:

“Almaniya platformasının effektivliyi bu ölkənin balanslı aktor olması ilə bağlı ola bilər. Üstəlik, görünür, bununla bağlı vaxt da düzgün seçilib”.

“Düşünürəm ki, bu görüş hələ 2023-cü ilin noyabrında Almaniyanın xarici işlər naziri Annalena Berbokun hər iki Cənubi Qafqaz respublikasına səfəri zamanı planlaşdırılmışdı. Belə ki, həmin dövrdə Avropa İttifaqı (Aİ) və ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlərin heç bir nəticə verməyəcəyi aydın idi. Ümidverici haldır ki, Ermənistanla Azərbaycan ötən ilin dekabrında birgə bəyanat yayaraq sülhə nail olmaq istədiklərini elan edib”, - o bildirib.

N.Lütteryohann əlavə edib ki, növbəti addım fevralın 17-də Almaniya Kansleri Olaf Şoltsla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qapalı görüş olub.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində müsbət addımlara baxmayaraq, danışıqların formatı ilə bağlı problemlər hələ də qalır:

“Maraqlıdır ki, Ermənistan tərəfi Qərb vasitəçilərinin cəlb olunmasına üstünlük verir. Azərbaycan hökuməti isə istənilən vasitəçiliyə çox da ümid bəsləmir. Digər problem iki ölkə arasında sərhədə dair razılaşmanın olmaması, eləcə də Ermənistanın Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin bərpası ilə razılaşmamasıdır”.

Ekspert bütün bunlara baxmayaraq, Cənubi Qafqaz regionunda sülhə nail olmaq məqsədi ilə görüşlərin davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi