Ankarada “Demokratiyaya sahib çıxmaq: Mülki müqavimətin gücü” mövzusunda sessiya keçirilib

Region
  • 16 iyul, 2025
  • 13:26
Ankarada “Demokratiyaya sahib çıxmaq: Mülki müqavimətin gücü” mövzusunda sessiya keçirilib

Ankarada 15 İyul- Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil edilən media proqramı çərçivəsində “15 İyul: Yaddaş, Ədalət və Gələcək” adlı paneldə “Demokratiyaya sahib çıxmaq: Mülki müqavimətin gücü” mövzusunda sessiya keçirilib.

“Report”un Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, sessiyada Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ 15 iyulu Qurtuluş müharibəsinə bənzətdiyini deyib.

Onun sözlərinə görə, həmin dövrdə də xalqın birliyi Türkiyənin gücünə güc qatdı, cümhuriyyət elan olundu, 2016-cı ildə də xalq ölümü gözə alaraq meydanlara axın etdi və azadlığımızı terrorçulara qurban etmədi:

"İyulun 15-də qələbə qazandıqdan sonra Türkiyə öz ordusunu yenidən qurdu. Bəzi hərbi hissələr bağlandı, bəzilərinin yerinin dəyişdirilməsi barədə qərar qəbul edildi. Orduda mülki iradə gücləndirildi. Ən böyük islahat isə xalqa prezidenti seçmə haqqı verməyimiz oldu”.

Jurnalist Hande Fırat isə söyləyib ki, media təmsilçisi fövqəladə vəziyyətlərdə insanları düzgün məlumatlandırmalı, bunun üçün isə ilk olaraq özü dəqiq məlumat əldə etməlidir:

“FETÖ tərəfdarları xaricdə türkdilli nəsillər yetişdirərkən Türkiyədə gənclərin beyinlərini yuyurdular. İnsan olan, həqiqətən, Türk Silahlı Qüvvələri sıralarında olan şəxs öz vətəndaşına 15 iyul gecəsi silah doğrultmazdı. Bu, təkcə çevrilişə cəhd yox, terror hücumu idi. Həmin gecə onlar sosial mediadan istifadə edərək “Ərdoğan öldü”, “Ərdoğan qaçdı” kimi yalan xəbərlər yaydılar. Biz isə Türkiyə Prezidenti ilə əlaqə saxlayaraq ekrandan xalqa müraciətini yayımladıq və xalq həqiqəti gördü. Ona görə də soaial mediaya aldanmamaq, jurnalistləri izləmək lazımdır”.

Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin baş koordinatoru (SETA) Nebi Miş, öz növbəsində, 15 iyulun bir işğal cəhdi olduğunu bildirib:

“FETÖ necə oldu ki, bir çevriliş cəhdi ilə Türkiyəni ələ keçirə biləcəyini düşündü? FETÖ 15 iyuldan əvvəl iqtidarı demokratik olmayan yollarla devirməyə çalışdı, cəmiyyətdəki fərqli etnik qruplar arasında gərginlik yaratmağa cəhd göstərdi. Ancaq millətimiz bu planları puça çıxardı”.