ABŞ və onun tərəfdaşları Ukraynadakı müharibə kontekstində Rusiya ilə qarşılıqlı fəaliyyətlə bağlı İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.
“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Tehranın Moskvanı daha qısa mənzilli ballistik raketlərlə təchiz etməsi ilə bağlı xəbərləri şərh edərkən söyləyib.
Bununla belə, o, Amerika administrasiyasının qənaətinə görə, bu cür silahların ötürülməsinin baş verdiyini təsdiqləməyib.
“Əlbəttə, bu xəbərlərdən inanılmaz dərəcədə narahatıq. İranın Rusiyaya hər hansı ballistik raket ötürməsi İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini kəskin şəkildə artıracaq. Biz və tərəfdaşlarımız NATO və G7 sammitlərində aydın şəkildə bildirdik: əhəmiyyətli təsir göstərməyə hazırıq. Mən bu tribunadan təfərrüata varmayacağam və hadisələri qabaqlamayacağam”, – amerikalı diplomat qeyd edib.