İran qanunsuz olaraq texnoloji avadanlıq ixrac etməkdə ittiham edilən ikili vətəndaşlı Qulamrza Quderzi və ya Ron Quderzi ABŞ-də həbs edilib.
“Report” “Radofərda”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, ABŞ və İran vətəndaşı olan 76 yaşlı Qulamrza Quderzi Texas ştatının Porter şəhərinin sakinidir. O, Corc Buş adına Beynəlxalq hava limanında həbs edilib.
Məlumata görə, Qulamrza Quderzi dron istehsalında, o cümlədən müxtəlif uçuş aparatlarında istifadə olunan detalları qaçaqmal yolu ilə ABŞ-dən İrana göndərməkdə təqsirli bilinir.
Məhkəmə sənədlərinə görə, Qulamrza Quderzi 2019-cu il dekabrın 10-dan iyulun 14-dək qanunsuz olaraq neft qazma hissələri ilə yanaşı, təyyarənin elektron hissələrini də İrana ixrac edib. Bildirilib ki, o, İrana dəfələrlə səfər edib. Quderzi bu qanunsuz ixracatı əsasən Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə çamadanla daşıyaraq həyata keçirib.
Ədliyyə Departamentinin vurğulayıb ki, təhlükəsizlik işçiləri Quderzinin baqajında bir neçə dəfə axtarış aparıb və paltarlarının arasında gizlədilmiş təyyarə ilə əlaqəli hissələri və komponentləri aşkar ediblər.
O da qeyd olunub ki, Quderziyə İran da daxil olmaqla, sanksiyaya məruz qalan ölkələrə bu cür malların ixracı üçün lazımi icazə verilməyib.
İrəli sürülən ittihamlar təsdiqlənərsə, Quderzini qaçaqmalçılıq maddəsi üzrə 10 ilə qədər həbs cəzası və maksimum 250 000 dollar cərimə gözləyir.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi ötən ay İran əsilli 68 yaşlı Amerika vətəndaşı Cefri Şans Naderini Ştatların istehsalı olan təyyarələrinin hissələrini qanunsuz yolla İrana keçirməyə cəhddə ittiham edib.