“Beynəlxalq ictimaiyyət ekoloji terrorizmə son qoyulmasını və Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən azərbaycanlı ekofəalları dəstəkləməlidir”.
"Report" xəbər verir ki, bunu Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, Bakı Yəhudi Məktəbinin direktoru, ravvin Zamir İsayev “Foreign Policy Association”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, azərbaycanlı ekofəalların aksiyası 40 gündən çoxdur davam edir və onların yataqların monitorinqinə icazə verilməsi ilə bağlı tələbi tamamilə haqlıdır: “Belə ki, yataqlar istismar edilir, Azərbaycan təbiətinə ziyan vurulur. Bu, bütün dünyaya təsir edir”.
Ravvin vurğulayıb ki, havaların soyuq keçməsinə baxmayaraq, Xankəndi-Laçın yolunda dinc aksiya davam edir: “Ermənilərin bu ərazinin blokadaya alınması ilə bağlı fikirləri yalandır. Orada olmuşam, humanitar karvanlar erməni mülki əhalisinin təminatını həyata keçirir”.
Z.İsayev əlavə edib ki, yəhudi icması azərbaycanlı ekofəalları və onların öz torpaqlarını qorumaq hüquqlarını dəstəkləyir.
Xatırladaq ki, 2023-cü il yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.