“Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat əldə etməyimizə kömək edəcək”.
Bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən səyahətçi Anna Fransisko (Filippin) deyib.
“Qarabağda gördüklərim çox təsirlidir. Belə bir mənzərəni gözləmirdik. Çox yaxşı haldır ki, indi Azərbaycana səfər edərək bütün hekayəni öyrənmək imkanı var”, - o vurğulayıb.
A.Fransisko qeyd edib ki, dünyada Azərbaycan haqqında çox məlumat yoxdur, ona görə də bu səfər bir çox səyahətçilər üçün böyük şansdır: “Bu, mənim Azərbaycana ilk səfərimdir və hələ çox yeri görməyə vaxt olmayıb”.
Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.
Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.