Şuşada Novruz tonqalı qalanıb, aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir 

Şuşada Novruz tonqalı qalanıb, aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir  Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb.
Qarabağ
20 Mart , 2023 19:15
Şuşada Novruz tonqalı qalanıb, aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyasının keçirildiyi ərazinin yanında Novruz tonqalı qalanıb.

“Report”un hazırda Şuşada olan əməkdaşı xəbər verir ki, bununla yanaşı, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Eyni zamanda, aksiya iştirakçıları üçün Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb.

Bununla yanaşı, ərazidə musiqi səhnəsi quraşdırılıb və müxtəlif mahnılar səsləndirilir.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və bu gün aksiyanın 99-cu günüdür.

Son xəbərlər

Orphus sistemi