Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.
“Report”un işğaldan azad olunan Suqovuşan kəndinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolda minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.
ANAMA-nın Operativ Qərərgahın rəisi İdris İsmayılov bildirib ki, artıq 10 gündür təmizləmə əməliyyatları üç istiqamətdə əllə, xüsusi robotlar və minaaxtaran itlər vasitəsilə həyata keçirilir:
“Bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursa, tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km -i təmizlənib. Son 3-4 gün ərzində isə yerdə qalan hissəsi təmizlənib tam olaraq istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən ANAMA tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb”.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.