Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Belə ki, ümumilikdə 4 avtomobil ərazidən keçid edib. Onlardan 3-ü BQXK-ya məxsusdur.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Hər 4 avtomobil eyni vaxtda hərəkət edib.
Qeyd edək ki, bu gün BQXK-ya məxsus avtomobillər vasitəsilə Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib.
Karvan 08:47 radələrində aksiya yerindən keçib. Onların keçidinə heç bir maneə törədilməyib.
Avtomobil karvanı Ermənistandan Xankəndinə qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatları daşınacaqdı.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.