Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarla dolu yük maşını Ağdam-Xankəndi yolu ilə hərəkət edərək Xankəndiyə çatıb.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 yük avtomobilinin Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində "Samur" buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.