Qubanın Alekseyevka kəndində Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun anadan olmasının 24-cü ildönümü qeyd olunub.
"Report"un məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Quba Sosial-İqtisadi Kollecinin müəllim heyəti, Quba şəhidlərinin valideynləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı, daha sonra kəndin mərkəzindəki xatirə bulağı ziyarət olunub.
Anım tədbirində Ülvü Məmmədovun həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb.
Qeyd edək ki, Ülvü Vüqar oğlu Məmmədov 1997-ci il iyulun 27-də Quba rayonunun Alekseyevka kəndində anadan olub. 2015 - 2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Ü.Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məmmədov Xocavənd döyüşləri zamanı şəhid olub, Alekseyevka kənd qəbiristanlığında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə ölümündən sonra təltif olunub.