“Avropa hazırda Cənubi Qafqazdakı siyasi proseslərə hansısa bir şəkildə qayıtmağa çalışır, ancaq bunu, yumşaq desək, qəribə formada, görünür, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə regiondakı vəziyyətin nə qədər dəyişdiyini anlamadan edir”.
Bunu “Report”a “Vestnik Kavkaza” İnformasiya-Analitika Agentliyinin baş direktorunun müavini, agentliyin baş analitiki Andrey Petrov deyib.
“De-fakto Dağlıq Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, qaçqınlar və məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşır, Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası başlayıb. Belə şəraitdə Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək artıq mənasızdır. Rəsmi Paris sırf növbəti seçkilərdə erməni diasporunun səsini qazanmaq üçün bunu açıq şəkildə edir”, - A.Petrov bildirib.
O həmçinin bunun Aİ-də yenicə tarixə çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin yenidən başlamasını və Cənubi Qafqazda yeni qeyri-sabitliyin yaranmasını istəyən qüvvələrin olduğu anlamına gəldiyini vurğulayıb.
“Ancaq bu cür niyyətlərlə Avropanın regiona təsirinin perspektivi yoxdur, çünki avropalılar bir vaxtlar Bakının icazəsi ilə Minsk prosesinə daxil olmuşdular və indi nəinki ənənəvi qərəzli, həm də artıq Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi nümayiş etdirdikləri zaman onlar belə icazə ala bilməyəcəklər. Avropa ya münaqişə vəziyyətlərini qızışdırmaq cəhdlərini dayandırmalı və Cənubi Qafqaz ölkələri ilə yeni, dinc şəraitdə qarşılıqlı münasibətlər qurmalıdır, ya da geri dönmək istədiyi yerdə onunla təmasların dayandırılacağına hazır olmalıdır”, - analitik söyləyib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 3-də Fransa Milli Məclisi tərəfindən qəbul edilmiş “Avropa xalqlarının və Avropanın və Şərqin xristian icmalarının qorunması haqqında” qətnamə ilə əlaqədar Fransa səfirinə etiraz notası təqdim edib.