Növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti Ağdamda keçirilə bilər

Növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti Ağdamda keçirilə bilər Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib və tədbirdə növbəti “Qarabağ gecəsi” xeyriyyə konsertinin Ağdam rayonunda keçirilməsi təklif edilib.
Qarabağ
9 İyun , 2023 19:18
Növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti Ağdamda keçirilə bilər

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib və tədbirdə növbəti “Qarabağ gecəsi” xeyriyyə konsertinin Ağdam rayonunda keçirilməsi təklif edilib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Mədəniyyət Nazirliyinin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərpası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva, ölkənin aparıcı biznes qurumlarının rəhbər şəxsləri və nümayəndələri, telekanal rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Qarabağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi, potensial investorlardan təkliflərin toplanması və təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı haqqında geniş məlumat verib.

Qeyd edib ki, Parkın layihəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Füzuli sakinlərinin, həm də şəhərin qonaqlarının istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

İdarə Heyətinin sədri parkın layihələndirilməsi zamanı beynəlxalq qabaqcıl təcrübədən istifadə olunduğunu xüsusi vurğulayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ: yenidənqurma və inkişaf, regionun investisiya imkanları” mövzusunda çıxış edərək işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Nazirliyin İşğaldan azad olunmuş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təşkili və digər mədəniyyət müəssisələrinin yenidən bərpası üzrə işçi qrupunun rəhbəri Nərgiz Abdullayeva Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Şöbəsinin müdiri Pərvin Bağırova təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Qarabağ Gecəsi” xeyriyyə konserti haqqında geniş məlumat verib.

Qeyd edib ki, 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

P.Bağırova arzu edən hər kəsi bilet əldə edərək həm möhtəşəm “Qarabağ gecəsi”nin iştirakçısı olmağa, həm də Qarabağın bərpasına dəstək olmağa çağırıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev cari ilin payız aylarında Bakıda keçiriləcək konsertdən sonrakı “Qarabağ gecəsi” xeyriyyə konsertinin Ağdam rayonunda keçirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi