İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarını qanunsuz istismarını kəskin şəkildə pisləyib.
"Report" xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının bu gün keçirilən iclasının yekunları üzrə qəbul edilən qərarda deyilir.
Bildirilib ki, Ermənistanın bu addımları bütün üçtərəfli razılaşmaları pozur.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbərliyi azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Xankəndi-Laçın yolunda dinc etiraz aksiyasını dəstəkləyib və bununla bağlı İslam Əməkdaşlıq Gənclər Forumu daxilindəki strukturları müxtəlif media platformalarında azərbaycanlı fəallara dəstək verməyə çağırıb.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.