"Ermənistan doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atmaqdan qorxmur"
Bunu “Report”un yerli bürosuna açıqlamasında fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussua bildirib.
S.Bussua Ermənistanın Dağlıq Qarabağdakı minaların xəritəsini verməməklə öz torpaqlarına qayıtmaq istəyən məcburi köçkün insanların həyatını təhlükəyə atdığını bildirib:
“Bu məsələdə biz açıq-aşkar beynəlxalq hüquqla tənzimlənən bir problemlə üz-üzəyik. Ermənistan 27 il ərzində Qarabağın işğalı zamanı da bu hüquqa əməl etməyib. Ümumiyyətlə, minalarla mübarizə Birləşmiş Millətlər Təşkilatının "gündəlik" mübarizə apardığı məsələlərdən biridir. 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıblar. Burada müharibədən qalan partlayıcılar, ev şəraitində hazırlanmış partlayıcı qurğuları və ümumiyyətlə, mülki şəxsləri, hüquq-mühafizə orqanlarını və hərbi qulluqçuları riskə atan bütün sursatlar nəzərdə tutulub. Mətndə bildirilir: "Silahlı qarşıdurmaların bütün tərəfləri beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti son qoymalıdırlar". Bu, mülki əhalinin və xüsusilə uşaqların qorunması deməkdir. Bu cihazların məhv edilməsi prioritet bir məsələdir. Ermənistan bunu etməli idi. Lakin indi Azərbaycan ərazini minalardan təmizləməyə hazırdır, ancaq xəritəsiz necə etmək olar?".
Ekspert bildirib ki, bölgə minalanmış olduğu müddətdə sülh və yenidənqurma işində qəti bir irəliləyiş çətin olacaq:
“Unutmayaq ki, Dağlıq Qarabağda ermənilər də yaşayırlar. Bu ərazi nə qədər tez minalardan təmizlənərsə, o qədər də tez dinamik regional sülhün yaradılması üçün hər iki tərəfin səyi ilə region təhlükəsizləşdirilər. Ermənistan Cənubi Qafqazda sülh kontekstində böyük vədlər verən inkişafdan faydalana bilməsi üçün Bakı ilə tezliklə barışmalıdır.“
Fransalı ekspert deyib ki, Ermənistan öz xoşu ilə xəritələri verməzsə, məhkəmə yolu ilə verməyə məcbur olacaq:
“Beynəlxalq hüquqda bu da nəzərdə tutulub ki, minaların təmizlənməsi işinə cəlb edilənlər, habelə BMT-nin sülhməramlı əməliyyatları çərçivəsində bu işlə məşğul olanlar üçün bütün imkanlar yaradılmalıdır. Bura öz növbəsində xəritələrlə təmin edilmə də aiddir. 1998-ci ildə, piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyası imzalanarkən də Ermənistan kənarda qalmışdı. Azərbaycan da bu konvensiyaya qoşulmamışdı. Lakin Azərbaycana məxsus torpaqları minalayan Ermənistan idi. Azərbaycanın geri aldığı ərazilərdə minaların yerini bildirməsə, Ermənistanın işini Birləşmiş Millətlər Təşkilatına və ya Beynəlxalq Cinayət Məhkəməsinə vermək lazım olacaq. Sülh prosesində irəliləmək üçün Ermənistanın müharibə cinayətləri məsuliyyəti məsələsi də araşdırılmalıdır".