"Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan rəhbərliyi bütün kəskin məsələlərin həlli ilə bağlı əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. Bununla yanaşı Prezidentin də qeyd etdiyi kimi 30 illik dağıdıcı işğaldan əziyyət çəkən ölkə olaraq biz bütün cəbhələrdə - beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatlarda, mediada və digər cəbhələrdə hücum diplomatiyasını davam etdirməliyik. Beynəlxalq mediada Azərbaycanın 10 noyabr bəyannaməsinin bəndlərini yerinə yetirməsi ilə bağlı səyləri, xüsusilə Kəlbəcərin boşaldılması üçün verilən vaxtın 10 gün müddətində uzadılması, Meğri-Qafan-Gorus yolunun Azərbaycan seqmentinin açılması, 1400-ə yaxın hərbçi meyitinin təhvil verilməsi və sair kimi xoşməramlı jestləri çox az işıqlandırılır. Onu da qeyd edim ki, adekvat addımları Ermənistan tərəfindən görmürük".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev regionda müharibədən sonrakı vəziyyəti şərh edərkən deyib.
"Şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri mənə deyirlər ki, Azərbaycan qalıb tərəf kimi “səxavətli” olmalıdır. Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar. Öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var. Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır", - o vurğulayıb.
F.Şəfiyev xatırladıb ki, 1980-ci illərin sonlarında erməni milliyyətçiləri Ermənistanda azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçiriblər və bundan sonrakı fəaliyyətlərini Azərbaycan ərazisində icra etməyə başlayıblar: "Hərbi əməliyyatlardan sonrakı inkişaf və bərpa barədə danışarkən məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belə ki, Qarabağda erməni məsələsi, erməni irsi və sair ilə yanaşı, analoji məsələlər Ermənistanda azərbaycanlılarla bağlı da mövcuddur.
Müharibədən sonrakı vəziyyətə dair gündəlikdə duran bir sıra məsələlər var və bunlarla bağlı Azərbaycana güclü təzyiq göstərilir. Bizim buna cavabımız konkret tələblər göstərilməklə adekvat olmalıdır”.
Hərbi cinayətlər məsələsinə gəldikdə mərkəz direktoru vurğulayıb ki, bir sıra beynəlxalq QHT İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar: “Onların içərisində obyektiv olanları qədər “Human Rights Watch”un bu yaxınlarda hazırladığı nəşri kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır”.
F.Şəfiyev həmçinin minalı ərazilər məsələsinə də toxunub: “Bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapmasa da mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına mane törədir. Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.
Azərbaycanla Ermənistan arasında barışıq məsələsinə diqqət çəkən F.Şəfiyev bunun çox çətin və həssas məsələ olduğunu vurğulayıb:“Tez-tez xaricdən olan həmkarlarım bu istiqamətdə mövcud perspektivlər barədə mənə suallarla müraciət edirlər.
Bir sıra qüvvələr bu barışıqda maraqlı deyillər və təəssüf ki, bunu istəməyənlər həm Qərbdə, həm də Rusiyada var. Çox vaxt amerikalı, avropalı və rusiyalı siyasətçilər sırf şəxsi maliyyə və seçki maraqları naminə nifrət təbliğatını aparmağa davam edirlər. Bu, problemin bir hissəsidir.
Problemin digər tərəfi ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti daxilində çoxsaylı emosional faktorlar mövcuddur. Hər iki cəmiyyətdə müəyyən aktorlar ortaya çıxmalıdır və bu işlər sinxron şəkildə həyata keçirilməlidir. Birtərəfli şəkildə barışıq istiqamətində edilən səylər işləməyəcək.
Lakin hansısa formada başlamaq lazımdır və xarici QHT, fondların və s. təcrübəsi bu baxımdan yararlı ol bilər. Bir şərtlə ki, onların işlərinin arxasında hansısa qapalı niyyətlər gizlənməsin. Buna misal olaraq, əvvəllər bəziləri Azərbaycanda ərazi itkisi, yanı faktiki olaraq işğalla barışmaq təbliğatını aparmağa cəhd edirdilər. Bu kimi niyyətlər işləmədi və heç zaman da işləməyəcək.
Əgər Azərbaycanda ermənilərin hüquqlarından danışılırsa, o zaman azərbaycanlıların Ermənistana qaytarılması və onların hüquqları məsələsi ortaya çıxır. Çoxmillətlilik demokratiyanın vacib göstəricilərindən biridir. Bu barədə Yerevanda özlərinə məxsus şəkildə danışmağı sevirlər və çox qəribədir ki, onların müxtəlif fondlardakı himayədarları bu vacib element barədə, daha dəqiq desək, erməni tarixində və müasir dövlətçiliyində bu amilin qeyd olunmamasını heç zaman gündəmə gətirmirlər.
Ən əsası Cənubi Qafqazın gələcəyinə baxış ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Mən bu barədə avropalı həmkarlarıma da deyirəm. Məhz bu təcrübədən Avropada müharibə sonrası bərpa prosesində istifadə olunub.
Bu gün, 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımının ildönümüdür. Barışığa dair qeyddən sonra bu barədə danışmaq yersiz görünə bilər. Lakin bir çox Qərb siyasətçiləri və ekspertləri 1915-ci il məsələsini qaldırırlarsa, tarixi yaddaş məsələsi birtərəfli olmamalıdır, yoxsa bu sahədə də erməni monopoliyası hökm sürür? Mən artıq Türkiyənin bu məsələ ilə əlaqədar tarixi komissiyanın yaradılması ilə bağlı çoxsaylı təşəbbüslərini bir kənara qoyuram. Faktiki olaraq Türkiyənin boynuna araşdırılmamış “araşdırma”nın nəticələrini qoymaq istəyirlər.
Davamlı sülh anti-müsəlman, antitürk və anti-Azərbaycan isteriyası olmadan mümkündür. Bununla yanaşı, Qərb mediasında anti-Azərbaycan kampaniyasına anti-Qərb kampaniyası ilə cavab verməməliyik. Hər şey kifayət qədər qəlizdir. Qərb ölkələri arasında bizim müstəqilliyimizin möhkəmlənməsini istəyən ölkələr hər zaman olub və indi də var. Lakin bizim zəifləməyimizi arzulayanlar da mövcuddur. Onlar Şərqdə də var.
Təcrübə göstərir ki, Ermənistanın güc tətbiq etməsinə və işğala Azərbaycanın diplomatik səyləri kifayət etmədi. Hər şeyi yenə güc yolu ilə həll olundu. Ona görə də xaricdən istənilən təzyiqə adekvat cavab verilməlidir. Hazırda siyasətimizdə məhz bu xətti müşahidə edirik.
Regionda sülh Cənubi Qafqazda bütün tərəflər gələcəyin əməkdaşlıqdan asılı olduğuna əmin olduqdan sonra bərpa olacaq”.