"Mən 1 il 9 ay erməni əsirliyində olmuşam. 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı zaman yaralı halda ermənilərə əsir düşmüşəm".
"Report" xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra zərərçəkmiş Həbib Kazımov jurnalistlərə açıqlamasında deyib.
O, əsirlikdə saxlanıldığı müddət ərzində ermənilər tərəfindən məruz qaldığı işgəncələrdən danışıb. Bildirib ki, əsirlik dövründə ermənilər tərəfindən dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyülüb: "Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri "Yoxa", digəri isə "Ayoşa" ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik "Yoxa" ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi".
Zərərçəkən H.Kazımov bildirib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub: "Onlardan işgəncə vaxtı ölən də, işgəncələrə dözməyib intihar edənlər də oldu. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər".