İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 mlrd dollar itirib
- 24 noyabr, 2026
- 23:20
Yeniliklərdən dərhal xəbərdar olun!
İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimal bölgələrindən neft və neft məhsullarının qaçaqmalçılığı, fırıldaqçılıq sxemləri nəticəsində təxminən 303 milyard dollar itirib.
"Report" xəbər verir ki, bu barədə İraq parlamentinin deputatı Məhəmməd Əl-Xəfaci bildirib.
İraqın Ali Audit Federal Şurasının məlumatlarına istinad edən deputat bildirib ki, büdcə qanunvericiliyində nəzərdə tutulan həcmdə neft tədarükünün həyata keçirilməməsi nəticəsində itkilər 101 milyard ABŞ dollarına çatıb. Xam neftin dövlət neft marketinq şirkəti (SOMO) yan keçməklə ixracından əldə olunan gəlirin dəyəri isə təxminən 79 milyard dollar təşkil edib.
Deputatın sözlərinə görə, bundan əlavə, ölkənin şimalında əvvəllər "North Oil Company" federal neft şirkətinin tabeliyində olmuş neft yataqlarının faktiki olaraq İraq Kürdüstanı muxtar regionunun hakimiyyət orqanlarının nəzarətinə keçməsindən dəyən zərər 123 milyard dollar həcmində qiymətləndirilir.
Beləliklə, Əl-Xəfacinin təqdim etdiyi məlumatlara əsasən, qeyd olunan dövr ərzində İraqın ümumi itkiləri təxminən 303 milyard dollar təşkil edib.