"Füzulidə beynəlxalq hava limanının açılması Qarabağın bərpasının simvoludur".
Bunu “Report”un Rusiya bürosuna şərqşünas-türkoloq, Yeni Türkiyənin Araşdırılması Mərkəzinin direktoru Yuri Mavaşev bildirib.
Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsindən qalma məsələlər tezliklə yekun həllini tapmalıdır: “Fikrimcə, Ermənistan rəhbərliyi böyük adekvatlıq nümayiş etdirməlidir və biz hazırda bunun şahidi oluruq. Bu dövlətin məğlub tərəf olmasını nəzərə alaraq, onlara bunu tez-tez xatırlatmaq lazımdır. Tərəflərin vasitəçiliyi ilə mövcud məsələlərə nöqtə qoymaq və nəqliyyat dəhlizlərini açmaq lazımdır. Hazırda hərbi və revanşist bəyanatlardan çəkinmək lazımdır”.
Mavaşev qeyd edib ki, hazırda tərəflər üçün təmas nöqtələrinin axtarış prosesində çox vacib və məsuliyyətli bir dövrdür: “Ümid edək ki, ölkələr bu məsələnin həllinin vacibliyinə eyni dərəcədə həssaslıqla yanaşacaq və hər hansı düşünülməmiş addımlar atmayacaqlar. Bərpa işləri davam etdirilir. O cümlədən, Şuşa şəhərində də çox işlər görüləcək və oraya dinc həyat geri dönəcək”.
Xatırladaq ki, oktyabrın 26-da Füzuli beynəlxalq hava limanının açılışı baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.