“İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən əsgərlər deyirdilər ki, müharibə bitsin, qurban kəsəcəyəm, qonaqlıq verəcəyəm. Mən isə orada olanda özümə söz verdim ki, əgər müharibəni qələbə ilə başa vursaq və sağ qalsam, Ali Baş Komandan, Prezident İlham Əliyevin sözlərini sənət əsərinə çevirəcəyəm”.
Bunu ”Report”a açıqlamasında Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda ucaldılan “Dəmir yumruq” abidəsinin müəllifi, həvəskar heykəltaraş, Vətən müharibəsi qazisi Elvin Manafov deyib.
O bildirib ki, “Dəmir yumruq” abidəsini öz vəsaiti hesabına 21 günə hazırlayıb: "Bu sahədə heç bir təhsil almamışam, abidəni isə 44 günlük zəfərdən ilhamlanaraq ərsəyə gətirmişəm. Müharibədə olarkən əsgərim mənə Ali Baş Komandan İlham Əliyevin çıxışını izlətdi. Həmin sözlər mənə çox təsir etdi. Elə ondan ilhamlanaraq özümə söz verdim ki, mən bu sözləri sənət əsərinə çevirəcəyəm. Əslində, ilhamlanmamaq, təsirlənməmək qeyri-mümkün idi. Böyükdən-kiçiyə hər kəs bir olmuşdu. Xalqımızın Prezident İlham Əliyevin ətrafında birləşməsi, hər kəsin bir olması sözün əsl mənasında möhtəşəm idi”.
Qeyd edək ki, E.Manafov Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunması uğrunda” medalı ilə təltif olunub.