Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi (BMT BM) Ermənistanın müraciəti ilə bağlı bu gün keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb.
“Report” xəbər verir ki, qərarın lehinə 13, əleyhinə isə 2 səs verilib.
Məhkəmə sədri Coan Donahyunun oxuduğu qərarda bildirilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq istəyən erməni millətindən olan şəxslərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağdan getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə keçidi təmin edilməlidir.
Üçüncüsü, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya daha sonra geri qayıdanlara qarşı güc tətbiqindən və ya hədə-qorxudan yayınmalıdır.
Qərara əsasən, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
Ölkə 8 həftə ərzində yuxarıda qeyd olunan kateqoriyadan olan ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə hesabat təqdim etməlidir.
Amma qeyd etmək lazımdır ki, ölkə nümayəndəsinin daha əvvəl 2023-cü il oktyabrın 12-də keçirilən məhkəmə iclasında bəyan etdiyi kimi, Azərbaycan bütün bu öhdəlikləri və hətta daha çoxunu BMT BM-in qərarları olmadan da üzərinə götürmüşdü.