Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər

Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər Şuşada səfərdə olan beynəlxalq səyahətçilər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olmasına şah
Qarabağ
4 Fevral , 2023 14:24
Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğuna şahidlik ediblər

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə tanış olarkən yolun humanitar məqsədlər üçün açıq olmasına şahidlik ediblər.

Aksiya iştirakçısı Seymur Məmmədov "Report"un hazırda ərazidə olan əməkdaşına bildirib ki, beynəlxalq səyyahlarla söhbət əsnasında etirazları barədə onları məlumatlandırıblar.

Onun sözlərinə görə, səyyahlara aksiyanın dinc şəkildə keçirildiyi barədə məlumat verilib:

"Səyahətçilər özləri də gördülər ki, Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır və biz heç bir yolu blokadaya salmamışıq. Onlar gördülər ki, bizim əsas məqsədimiz ekoloji cinayətlərə son qoyulmasıdır. Səyyahlara bildirdik ki, tələblərimiz yerinə yetirilməyənə qədər fikrimizdən dönməyəcəyik və biz aksiya iştirakçıları olaraq tələblərimizin yerinə yetiriləcəyini gözləyirik".

Digər aksiya iştirakçısı Riad Dadaşov isə "Report"un hazırda ərazidə olan əməkdaşına deyib ki, xarici səyyahlar aksiyanın keçirilməsi və məqsədi haqqında suallar soruşublar: "Biz də onların suallarını cavablandırdıq. Bildirdik ki, aksiya iştirakçıları olaraq bizim 55 gündür irəli sürdüyümüz bəlli tələblərimiz var. Həmin tələblərimizi onların diqqətinə çatdırdıq. Səyyahlar burada olarkən Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün tamamilə açıq olduğunun şahidi oldular. Çünki həmin vaxt ərazidən keçən Rusiya sülhməramlılarına məxsus avtomobilin maneəsiz hərəkəti təmin edildi".

Qeyd edək ki, Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Şuşaya səfərə gəlib.

30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 55 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi