Qarabağda yeni yolların salınması, binaların tikintisi, eləcə də çox qısa müddətdə başa çatdırılan digər işlər Azərbaycan rəhbərliyinin regionun yenidən qurulmasına, 30 il ərzində əziyyət çəkən insanlara köməklik göstərməsinə sadiqliyini nümayiş etdirir.
Bunu “Report”a açıqlamasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
O, ICESCO-nun İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Şuşa, Füzuli və Ağdama səfər edən ilk beynəlxalq təşkilat olduğunu vurğulayıb:
“Bu gün Qarabağa səfər edəcəyəm. Biz Şuşanı təntənəli şəkildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edəcəyik. Qarabağda artıq çoxlu konfranslar, forumlar keçirilib. Amma ən diqqətçəkən məqam odur ki, təkcə Azərbaycan xalqı deyil, bütün müsəlman dünyası sevinir ki, Azərbaycan bu regionu azad edib”.