Bakıda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verilib

Bakıda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verilib Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi Etibar Nəcəfovun xatirəsi əbədiləşdirilib.
Qarabağ
6 May , 2022 12:06
Bakıda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verilib

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbçisi Etibar Nəcəfovun xatirəsi əbədiləşdirilib.

“Report” xəbər verir ki, bu gün Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.

Mərasimdə Səbail və Laçın rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, bu, şəhid E.Nəcəfovun xatirəsinə inşa edilən sayca üçüncü bulaqdır. Bildirilib ki, digər iki bulaq isə şəhidin boya-başa çatdığı Ağcabədi rayonunda istifadəyə verilib.

Çıxışçılar E.Nəcəfovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

Mərasimdə qeyd olunub ki, E.Nəcəfov hələ uşaq vaxtlarından idmana böyük maraq göstərib, idmanın karate və kikboks növləri ilə məşğul olub. Bu sahələrdə bir sıra nailiyyətlər qazanıb. Orta məktəbi bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib və 2018-ci ildə ordu sıralarından tərxis olunub.

O, həm hərbi xidmətdə, həm də mülki həyatda öz nizam-intizamlılığı ilə seçilərək ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanıb.

Şəhidin atası Mehman Nəcəfov oğlu ilə bağlı xatirələrini bölüşüb. O, övladı ilə fəxr etdiyini bildirib: "Hər bir valideyn üçün övlad itkisi çox çətindir. Lakin bu gün Laçın azaddır. Biz oraya rahatlıqla gedib gələ bilirik. Vətən sağ olsun!".

Qeyd edək ki, Etibar Nəcəfov 1998-ci ilin noyabrın 14-də Ağcabədi rayonunun Aran kəndində dünyaya gəlib. O, 2020-ci ilin sentyabrın 27-dən başlanılan Vətən müharibəsinə könüllü olaraq qatılıb. E.Nəcəfov oktyabrın 1-də döyüş bölgəsinə yollanıb. O, şiddətli döyüşlərin həyata keçirildiyi bir vaxtda müharibəyə qoşulub. Onun döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda olub və böyük qəhrəmanlıq və igidlik göstərib. Qəhrəman hərbçimiz Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Etibar Nəcəfov Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” medalı, həmçinin “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi