Azərbaycanın Baş naziri Kəlbəcərdə saxlanılan erməni diversantlardan danışıb

Azərbaycanın Baş naziri Kəlbəcərdə saxlanılan erməni diversantlardan danışıb O, MDB Hökumət Başçıları Şurasının üzvlərini Ermənistan hərbçilərinin mayın 27-də Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində törətdikləri təxribat barədə məlumatlandırıb
Qarabağ
29 May , 2021 16:28
Azərbaycanın Baş naziri Kəlbəcərdə saxlanılan erməni diversantlardan danışıb
Əli Əsədov

“Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında deyib.

O, MDB Hökumət Başçıları Şurasının üzvlərini Ermənistan hərbçilərinin mayın 27-də Azərbaycanın Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində törətdikləri təxribat barədə məlumatlandırıb.

Baş nazir bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və saxlanılıb.

Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir. Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib. Qeyd edilib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib.

Baş nazir deyib: “Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.

Son xəbərlər

Orphus sistemi