"Şuşa-Xankəndi yolunda dinc əhalinin, xəstələrin, tibbi yardıma ehtiyacı olanların gediş-gəlişinə heç bir problem yoxdur".
Bunu “Report”un Şuşa-Xankəndi yolunda keçirilən aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında aksiya iştirakçısı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii resursların qanunsuz istismarına son qoyulmalıdır:
"30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ölkə ərazisində bir çox terrorlar həyata keçirib. Onlardan biri də ekoloji terrordur. Keçirilən dinc aksiyanın məqsədi ekoloji terrora son verilməsidir. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə təbii resursların qanunsuz istismarına son qoyulsun. Həmin ərazilərdə Azərbaycanın dövlət qurumları tərəfindən monitorinq qrupunun göndərilməsi təmin edilsin. Tələblərimiz təmin olunana qədər aksiyamız davam edəcək".
İ.Orucov qeyd edib ki, Şuşa-Xankəndi yolundan dinc əhalinin, xəstələrin, tibbi yardıma ehtiyacı olanların gediş-gəlişinə heç bir problem yoxdur:
"Bu baxımdan, aksiya Azərbaycan xalqının humanist dəyərlərini göstərir".