"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın sərvətlərinin qanunsuz şəkildə istismarı davam etdirilir".
Bu sözləri "Report"un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.
İki gündür Azərbaycan vətəndaş cəmiyyətinin ayaq üstə olduğunu bildirən QHT sədri vurğulayıb ki, onlar haqlı etiraz aksiyası keçirirlər: "Gündən-günə bu aksiya güclənməkdə, əraziyə gələn insanların sayı artmaqdadır. 30 illik işğal dövründə Azərbaycanın yeraltı və yerüstü sərvətləri talan edildi. Dünya dövlətləri və beynəlxalq təşkilatları isə illər ərzində bu vandallığa susdular. Bizim mövqeyimiz haqlıdır və gec-tez bu problem öz həllini tapmalıdır".
Onun sözlərinə görə, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın sərvətlərinin qanunsuz şəkildə istismarı davam etdirilir: "Buna etiraz olaraq Azərbaycanın ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərinin təşəbbüsü ilə aksiya keçirilir. Təəssüf ki, bizim vətəndaş cəmiyyəti qurumlarının qarışısını rus sülhməramlıları aldı və sözügedən monitorinqlərin keçirilməsinə maneə oldular. Sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır ki, guya Azərbaycan aktivistləri yolu bağlayıblar. Lakin bu xəbərlər tamamilə dezinformasiyadır və əksinə, sülhməramlılar bizim yolumuzu bağlayıblar. Mən də vətəndaş cəmiyyətinin bir nümayəndəsi olaraq buradayam və həmvətənlərimlə birlik nümayiş etdirirəm".