Bakı. 5 mart. REPORT.AZ/ Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelaqının Pirallahı adlanan ən böyük adası burada içməli su olması səbəbindən uzaq keçmişdən insanların yaşayış məskəninə çevrilib. Pirallahı adası Abşeron yarımadasından şərqdə, Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. 2015-ci ilin yanvarın birinə olan statistik göstəricilərə görə, Pirallahı rayonunun əhalisi 16 621 nəfərdir.
Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə 1939-cu ildə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilib. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanıb, 1943-cü ildə başa çatıb. 1943-cü ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub. “Damba”nın tikilməsi ilə Pirallahı süni yarımada statusu alıb.
Yerli əhali əsasən azərbaycanlılar olsa da, burada ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş 876 nəfər soydaşımız hazırda rayonun pansionat, sanatoriya və uşaq düşərgələrində, bağ sahələrində məskunlaşıblar.
“Report” Pirallahıdan hazırladığı fotoreportajı təqdim edir: