Bu gün Oxu.az xəbər portalının yaranma günüdür.
“Report” xəbər verir ki, Oxu.az-ın yaranmasından doqquz il ötür.
“Global Media Group”a daxil olan Oxu.az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.
Saytda 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.
Saytın baş redaktoru Ülvi Səfərov deyir ki, saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir:
“Ölkənin ən çox oxunan saytı olaraq, üzərimizə böyük bir məsuliyyət düşür. Oxucularımıza operativ, dəqiq və qərəzsiz informasiyanı çatdırmaq isə qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Hazırda saytda “Sözbaz” adlı yeni bir rubrikanın yaradılması da planlaşdırılır. Rubrikanın əsas mahiyyəti qulaq dostu olduğumuz sözlərin bilmədiyimiz mənalarını oxuculara çatdırmaqdır. Hazırda Oxu.az xəbər portalı ölkənin ən öndə gedən saytlarındandır. Hədəfimiz bu öncəliyi qorumaq və daim zirvədə qalmaqdır”.
Oxu.az-ın digər əməkdaşı Rövşən Əsədov səkkiz aydır ki, saytda redaktor kimi fəaliyyət göstərir. O, saytın üzvü olmasından məmnun olduğunu bildirir:
“Məlumatlar saytımıza müxtəlif mənbələrdən daxil olur. Bu, vətəndaş da ola bilər, hansısa bir dövlət qurumu da. Bundan sonra biz o xəbərləri emal edir, daha bir neçə mənbədən dəqiqləşdirdikdən sonra informasiyanı ictimaiyyətə təqdim edirik. Təbii ki, digər saytlarla aramızda sözün yaxşı mənasında rəqabət var. Bu baxımdan hər birimiz çalışırıq ki, xəbəri operativ və dəqiqləşdirilmiş formada oxuculara təqdim edək”.
2018-ci ildən Oxu.az-da fəaliyyət göstərən müxbir Könül Cəfərli sosial sahədən olan xəbərlər yazır: “Sosial sahədən olan xəbərləri yazsam da, hazırladığım reportajlar, müsahibələr mənim üçün daha əhəmiyyətlidir. Ona görə ki, bu, birbaşa olaraq mənim məhsulum olur. Çünki sosial mövzulardan yazanda qurumlarla işləyən zaman bəzən gecikmələr ola bilir, yaxud istədiyin cavabı ala bilmirsən. Onu da qeyd edim ki, sosial problemlərdən yazarkən bizim əsas məqsədimiz təkcə problemi işıqlandırmaq deyil, daha çox onun həllinə nail olmaqdır. Problemin həllinə nail olduqda isə gördüyümüz iş bizə zövq verir. Digər saytlarla rəqabət məsələsinə gəldikdə, bizim üçün məlumatın dəqiq və dolğun olması ən vacibdir. Çünki bizim artq müəyyən oxucu kütləmiz formalaşıb. Oxucu bilir ki, o, xəbəri bizdən dəqiq və dolğun formada əldə edəcək”.
Saytın daha bir əməkdaşı Emilya Tağıyeva isə dörd ilə yaxındır tərcüməçi kimi çalışdığını bildirib. O, Oxu.az-da tərcüməçi kimi çalışsa da, zaman-zaman köşə yazıları və reportajları da dərc olunur:
"Dörd ilə yaxındır ki, rus, türk və ingilis dillərindən Azərbaycan dilinə xəbərlər tərcümə edirəm. Doğrusu, əvvəllər burda çalışmaqla bağlı bir az tərəddüdlərim vardı. Düşünürdüm ki, bacara bilmərəm. Amma elə ilk günlərdən işim yaxşı getdi və çox şadam ki, mən də bu səmimi və çalışqan kollektivin bir üzvüyəm”.
"Report" İnformasiya Agentliyinin kollektivi Oxu.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!