Bu gün Vətən müharibəsi şəhidləri İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günüdür.
"Report" xəbər verir ki, bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) təmsilçiləri Binə Şəhidlər xiyabanında şəhid məzarını ziyarət ediblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib, onların qəhrəmanlığından söz açılıb.
Şəhid qardaşların atası Elman Məmmədovun sözlərinə görə, İman və Bəhram 14 ayın əsgəri idi: "Qusar rayonunun N saylı Hərbi Hissəsində xidmət keçirdilər. Vətən müharibəsi başlayan zaman hər iki qardaş döyüşə qatılıb, Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində döyüşüblər. Sonuncu döyüşləri Xocavənd rayonunun Qırmızı Bazar ətrafında olan yüksəklikdə olub. Döyüş tapşırığı alarkən hər ikisi eyni anda şəhadətə yüksəlib”.
Döyüş yoldaşı Əsgər Hüseynov ötən ilin oktyabr ayının 27-si səhər saatlarında tapşırıq aldıqlarını bildirib: "Həmin tapşırığı yerinə yetirmək üçün günorta saat 1-2 radələrində verilmiş tapşırıq üzrə hərəkət etdiyimiz ərazidəki yüksəkliyi fəth etmək məqsədi ilə yüksəkliyə qalxanda 14 nəfərlik qrupla 50-60 nəfərlik düşmənin mühasirəsinə düşdük. Bu zaman 11 şəhidimiz və iki yaralımız oldu. Şəhidlərimizdən ikisi də İmanla Bəhrəmdir№.
Digər döyüş yoldaşı Əfqan Məlikovun sözlərinə görə, hər ikisi igid və cəsur qardaşlar kimi tanınıb: "Döyüşə girməmişdən bir gün öncə həmin əraziyə gedəndə mövqelənmişdik. Ora qida maşınları gəlirdi və həmin ərazini isə snayper vururdu. Biz atəş altında oradan keçdik, qarşıdan əsgər gəlirdi, yükü ağır idi, həmin yerdən keçib getməli idi. İman əsgərin yükünü götürdü və həmin yeri iki dəfə keçib qayıdaraq əsgərə kömək etdi. Dediyi bir söz var idi - “ Şəhid olsam sevinərəm”....".
Qeyd edək ki, Bəhrəm Elman oğlu Məmmədzadə 18 aprel 2000-ci ildə, İman Elman oğlu Məmmədzadə isə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2 qardaş olmaqla ailə 4 nəfərdən ibarətdir. Sonradan Rusiyaya köç edib və orta təhsilini orada alıblar. Orta təhsillərini başa vurduqdan sonra Azərbaycana geri qayıdıblar.
Bəhram Məmmədzadə düşmənə sarsıdıcı zərbələr endirib və düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Bəhram dəfələrlə ərzaq göndərilməsi çətin olan yerlərə qardaşı ilə birgə ərzaq daşımaqda kömək edib və şiddətli döyüş zamanı neytral ərazidən bir çox şəhid nəşi çıxarıb.
Qubadlı, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən və böyük şücaət göstərən qəhrəman Bəhram qardaşı İmanla birgə eyni gündə, eyni saatda çiyin-çiyinə vuruşaraq 1 noyabr 2020-ci ildə Qırmızı bazar adlanan yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, hər iki qardaş ölümlərindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.
Operator: Vüqar Xanlarov
Montajçı : Məhəmməd Ağayev