Bu gündən Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə start verilib.
"Report" xəbər verir ki, peyvənd tətbiqi dövlət hesabına könüllü olaraq aparılır.
Artıq Çin istehsalı olan "Sinovac" vaksini ilk olaraq səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə vurulub.
Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.