Aqil Camal: "Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta çölçü kimi olsa belə..."

Aqil Camal: "Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta çölçü kimi olsa belə..." Aqil Camal: "Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta tək, çölçü kimi olsa belə..."
Multimedia
25 Noyabr , 2021 15:46
Aqil Camal: Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta çölçü kimi olsa belə...
Aqil Camal

“Kəlbəcərsiz, doğma ev-eşiyimdən uzaq keçirdiyim ötən 27 il mənim üçün sadəcə itirilmiş, monoton keçmiş bir mərhələdir. Burada qazandıqlarımı isə həmişə yarımçıq hiss etmişəm. Burada yaşadığım hansısa xoşbəxt məqamı saata bənzətsəm, əqrəb gəlib 12-yə qalmış dayanıb. Çünki, həyatımızda bir natamamlıq mövcud olub. O ani xoşbəxtliyi belə tam olaraq yaşaya bilməmişik”.

Bunu “Report”a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Türküstan” Media Qrupunun rəhbəri, əslən Kəlbəcərdən olan jurnalist Aqil Camal deyib.

17 yaşında ata-baba ocağını ailəsi ilə birgə tərk etmək məcburiyyətində qalan jurnalist bir güllə atılmadan, itki verilmədən Kəlbəcərin işğaldan azad olunmasına çox sevinir: “Doğrusunu desəm, indi işğal dövrünü, həmin vaxtlar yaşadıqlarımız çətinlikləri heç xatırlamaq istəmirəm. Bu ilin sentyabr ayında atamla birgə Kəlbəcəri ziyarət etmək nəsibimiz oldu. Əslində, ondan öncə bir neçə dəfə getməyim üçün şans da yaranmışdı. Amma atamsız getmək istəmirdim. Getsəydim, yəqin ki, içimdə bir narahatlıq olardı. Dost-tanışlar deyirdi ki, bəlkə atanı aparmayasan, çünki atam evimizi dağılmış görəndə halı pisləşə və ya hansısa xoşagəlməz hadisə baş verə bilərdi. Buna baxmayaraq, atamla birgə Kəlbəcərə getdik. Atamın reaksiyası isə gözlədiyimizdən tam fərqli oldu. Ev-eşiklə bağlı heç nə gözündə olmadı. Bir dediyi “Ağacları çıxarıblar” oldu. Çünki artıq doğma torpaqlara ayaq basmağın sevincini yaşayırdı”.

A.Camal bildirib ki, məcburi köçkün adı ilə yaşamaq 27 il ərzində ona ən pis təsir edən məqamlardandır: “Bu gün ən çox ona görə sevinirəm ki, məcburi köçkün adı üzərimizdən götürüldü. Düzünü desəm, bu illər ərzində danışıqlar və ya hansısa yolla işğal altında olan başqa rayonlarımızın işğaldan azad olunacağına ümidli idik. Amma Kəlbəcər və Laçının geri qaytarılmasına bir az tərddüdlə yanaşırdıq. Amma şükür edirəm ki, Kəlbəcər, Laçın, hətta Şuşa düşməndən azad olundu. Bilirsiniz, bayramlarda, yaxud yay tətillərində dost-tanışlar rayona gedəcəyini deyirdi. Amma bizim gedəcək rayonumuz yox idi. Düşünürəm ki, artıq biz də bu kəlməni rahatlıqla deyə biləcəyik. Niyyətim odur ki, mütləq Kəlbəcərə dönüm, Allahın mənə bəxş etdiyi ömrün qalan hissəsini orda yaşayım, hətta tək, çölçü həyatı yaşasam belə…”.

Son xəbərlər

Orphus sistemi