Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək
- 16 oktyabr, 2026
- 17:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun Tailandın paytaxtı Banqkokda keçirilən İllik Toplantıları çərçivəsində razılaşdırılıb.
Nazirin I müavini Anar Kərimov ötən gün IMF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib. Azərbaycan Mərkəzi Bankının sədri, Dünya Bankının ölkəmiz üzrə rəhbəri Taleh Kazımovun da iştirak etdiyi iclasda qlobal iqtisadiyyat və maliyyə bazarlarının mövcud vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində IMF və Dünya Bankı Qrupunun həyata keçirdiyi tədbirlər müzakirə olunub.
Bu gün isə A.Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarının plenar iclasında iştirak edib. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, mərkəzi banklar və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda IMF-in Sərəncamçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti Ajay Banqa dünya iqtisadiyyatının mövcud vəziyyəti, eləcə də qlobal iqtisadi inkişaf perspektivləri və əsas çağırışlar barədə çıxış ediblər. Çıxışlarda qlobal dövlət borcunun artması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə borc dayanıqlığının təmin edilməsi məsələlərinə də toxunulub.
Bu gün A.Kərimov IMF-in Sərəncamçı direktorunun müavini Bo Li ilə də görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, eləcə də IMF ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub.
A.Kərimov ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması, qeyri-neft sektorunun inkişafı, büdcə gəlirlərinin şaxələndirilməsi, nəticəəsaslı büdcə mexanizminin tətbiqi və fiskal risklərin monitorinqinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Nazirin I müavini dövlət maliyyəsinin idarə edilməsi, ortamüddətli büdcə planlaşdırılması, fiskal qaydaların tətbiqi və institusional potensialın gücləndirilməsi sahələrində IMF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu istiqamətlərdə islahatların davam etdirilməsi üçün IMF-in texniki yardımının genişləndirilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində, Bo Li qlobal iqtisadi artım tempinin zəifləməsi və beynəlxalq iqtisadi mühitdə mövcud olan risklərin ölkələrin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini bölüşüb. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib və IMF-in bu sahələrdə ölkəmizə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə isə Bankla mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə Dünya Bankının göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, uzunmüddətli tərəfdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
A.Kərimov Azərbaycanda dövlət müəssisələrinin monitorinqi və onların maliyyə hesabatlarının təhlili sahəsində həyata keçirilmiş islahatlar barədə məlumat verərək, bu istiqamətdə Dünya Bankının göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirib. Görüşdə, həmçinin dövlət müəssisələrinin monitorinqinə məsul qurumların iştirakı ilə keçirilən Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakı şəhərində təşkil edilməsinə dair Dünya Bankı ilə ilkin razılığın əldə edildiyi və bu məqsədlə hazırlıq tədbirlərinin görüldüyü bildirilib.
Səfər çərçivəsində "Bank of America"nın nümayəndələri ilə keçirilən görüşdə isə Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanları, suveren maliyyələşmə alətlərinin şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq maliyyə bazarlarının təqdim etdiyi imkanlardan səmərəli istifadə və ölkəmizin investisiya cəlbediciliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Daha sonra IMF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun icraçı direktoru Patrik Loşevski ilə görüşdə Azərbaycan ilə IMF arasında əməkdaşlığın əsas istiqamətləri, IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fəaliyyət və ölkəmizin makroiqtisadi prioritetləri müzakirə olunub. Tərəflər ölkəmizin Seçki Qrupunda təmsilçiliyinin gücləndirilməsi və bu çərçivədə koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan nümayəndə heyəti "Moody"s" beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə də görüşüb. Görüşdə Azərbaycanın suveren kredit profili, beynəlxalq maliyyə bazarlarındakı mövqeyi və investor etimadının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
A.Kərimov Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinin ölkənin makroiqtisadi sabitliyinin, güclü fiskal mövqeyinin və xarici dayanıqlığının beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisi olduğunu bildirib. O, "Moody"s" beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqini "Ba1"dən "Baa3" səviyyəsinə yüksəltməsini və reytinq üzrə "müsbət" proqnozu saxlamasını həyata keçirilən iqtisadi islahatların nəticələrinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
Bundan əlavə, Fransanın "Societe Generale" bank qrupu ilə keçirilən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkəmizdə investisiya layihələrinin maliyyələşdirilməsi, özəl sektorun maliyyə imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal maliyyə həlləri və dayanıqlı maliyyələşdirmə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.