Ağdam şəhərində meşə-park salınır - VİDEOREPORTAJ

Ağdam şəhərində meşə-park salınır - VİDEOREPORTAJ Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınır
Multimedia
2 İyun , 2021 11:26
Ağdam şəhərində meşə-park salınır - VİDEOREPORTAJ

Azərbaycan torpaqları erməni işğalı altında olan zaman vandallar evləri, tarixi-dini abidələri məhv etməklə yanaşı meşələrin və yaşıllıqların da hamısını qırıblar. Hazırda işğaldan azad edilmiş ərazilərdə meşələr, yaşıllıqlar yenidən bərpa edilir. Ağdam şəhərinin Baş planının təsdiq olması ilə burada geniş meşə parkı salınır. Bir sözlə, Ağdam yenidən gözəlləşir...

"Report"un əməkdaşı İsmayıl Nəsibli mayın 31-də Prezidentin izi ilə Ağdam şəhərinə səfər edib, yeni salınan meşə parkı ilə yaxından tanış olub.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınır. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burda yaradılacaq gölə axacaq. Həmçinin, parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.

Bərdə Regional Meşəçilik Təsərrüfatının əməkdaşı Asif Bağırov "Report"un əməkdaşı ilə söhbət zamanı bildirib ki, hazırda 10 hektar ərazi minalardan təmizlənib, torpaq şumlanıb və ağacların əkilməsinə start verilib:

"Bura Bərdə Meşə İdarəsindən gətirilən 1500-ə yaxın şam ağacları əkilib. Bundan sonra 2800 şam ağacı da əkəcəyik, işimizə davam edirik. Günə 600-ə yaxın ağac əkirik".

Ağdam şəhər meşə-parkına əkilən yeni ağaclar iri tonnajlı su maşınları ilə gün ərzində iki dəfə suvarılır, onlara lazimi qulluq göstərilir.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib. Dövlət başçısı ərazidə dağdağan ağacı əkib.

Xatırladaq ki, bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad olunmuş Ağdam rayonuna səfərini Medianın İnkişafı Agentliyi (MEDİA) təşkil edib.

Video: Vüqar Xanlarov

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi