Noyabrın 10-da “Yeni Müsavat” qəzetinin yubileyidir, qəzetin ilk sayının işıq üzü görməsinin 30 ili tamam olur. “Yeni Müsavat” qəzeti 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu Rauf Arifoğludur.
“Report”un əməkdaşları “Yeni Müsavat” qəzetinin redaksiyasına baş çəkərək reportaj hazırlayıb.
Redaksiyada əvvəlcə baş redaktorun birinci müavini Azər Ayxanın otağına daxil oluruq. Həmsöhbətimiz “Yeni Müsavat” qəzetində əməkdaşların münasibətlərinin dost səviyyəsində olduğunu bildirib: "Burada işçi-rəhbər münasibətində heç bir problem yoxdur. Çox yüksək, dost və iş yoldaşı səviyyəsindədir. Səmimi mühitdir, istənilən vaxt qəzetin baş redaktorundan, onun birinci müavini ilə jurnalistlər təmas qura bilirlər – otağa daxil olmaqdan, elektron yazışmaya qədər. Mən hər zaman yarızarafat, yarıciddi müxbirlərə deyirəm ki, qəzetin baş redaktoru, onun müavini, saytın veb redaktoru daha çevik reaksiya verir, nəinki müxbirlər. “Yeni Müsavat”ın əsas təməl prinsipləri odur ki, güclü redaktor korpusu və qəzetin baş redaktoru, onun müavini daha çox işləməlidi. Tarixi bina nədirsə, çap mediası da o deməkdir, tarixi bina memarlıq üçün nədirsə, qəzetlər də media üçün o deməkdir. Qız qalasında bu gün yaşayış yoxdur, hər hansı bir məqsəd üçün istifadə olunmursa, sökülməlidirmi?...
“Yeni Müsavat” Azərbaycan mediasının tarixi abidəsidir, onu qorumaq lazımdır. Yalnız “Yeni Müsavat" deyil, ənənəsi olan bütün qəzetlər qorunmalıdır. Azərbaycanda daha çox yaşlı nəsil, xüsusilə də yaşlı nəsil məmurlar qəzet oxumağa üstünlük verirlər. Özlərinin xeyrinə olan xəbərlərin qəzetdə çıxmasını, xeyrinə olmayan yazının isə çıxmamasını istəyirlər. Mən redaktor, mətbuat işçisi olaraq köhnə dövrün, yəni qəzetin təəssübünü daha çox çəkirəm”.
Yazılarının 1993-cü ildən “Yeni Müsavat” qəzetində çap olunduğunu deyən Musavat.com saytının baş redaktoru Xalid Kazımlı bildirib ki, burada 1995-ci ildən işləyir: “Bu illər ərzində fəaliyyətimdə arada 2 il fasilə olub.
Ümumilikdə 24 ildir “Yeni Müsavat”dayam. Yazıların stilistikası ilə bağlı müəyyən problemlər olur. Bu, xüsusilə də gənc nəsildə müşahidə olunur. İndiki gənc jurnalistlər çox adi şeyləri bilmirlər. İçlərində mütaliyəyə zaman ayıranlar var, amma onların sayı o qədər çox deyil. Biz burada iş yoldaşlarımızla dostuq”.
“Yeni Müsavat” inkişafın pik nöqtəsindədir. Bundan artıq inkişaf etsə gərək televiziya olsun. Bizim qəzetimiz, saytımız ölkədə ilk yerlərdədi, MDB məkanında 17-18-ci yerdədi”.
Baş direktor Ələsgər Süleymanlı isə 30 ili tamam olan “Yeni Müsavat”ın 26 ilində bu KİV-lə birlikdə olduğunu deyir: “Burada fəaliyyətə mühasib kimi başlamışam, müəyyən dövrdən sonra vəzifəm artıb. İlk dövrlərdə qəzeti qorumaq üçün mübarizə aparmışıq, bu mübarizənin nəticəsində “Yeni Müsavat”ı bu səviyyəyə çatdırmışıq. Amma qəzetin indiki durumu yaxşıdı. Elektron versiyaya keçməyimiz bizə reklam qazandırdı.
Əvvəllər siyasi bir qəzetə, xüsusən də müxalifətyönümlü qəzetə reklam almaq, tapmaq çətin idi. Bütün bu çətinlərlərə baxmayaraq “Yeni Müsavat” media qrupu Azərbaycan mətbuatında hər zaman aparıcı mövqeyini qoruyub saxlayıb. Həm qəzetin tirajına görə, həm də indiki zamanda elektron “IP”sinə görə birincilərdəndi”.
Keçirik “Yeni Müsavat”ın müxbirlərinin otağına. Burada ilk həmsöhbətimiz qəzetin gənc müxbirlərindən olan Əli Rais olur. 4 il üç aydır qəzetdə çalışdığını deyən Əli Rais reportyordur: “Yaşlı nəsil “Yeni Müsavat”ı hər zaman məktəb adlandırır, həmin məntiqlə yanaşsaq bizim üçün qəzet universitet sayılır.
4 il bir universitet vaxtıdır, demək olar ki, “Yeni Müsavat”ın bakalavr pilləsini başa vurmuşam, artıq magistraturasına başlamışam (gülür). Biz agentliklərin, saytların qısa yazdıqları məsələləri genişləndiririk, detalları barədə məlumat veririk”.
Qəzetin gənc siyasət yazarı Cavanşir Abbaslı 6 ildir “Yeni Müsavat”da çalışır: “Azərbaycan müstəqillik tarixindən iki yaş böyük olan “Yeni Müsavat”da işləmək qürurvericidir. Bura mətbuatın ana məktəbidir. Belə böyük tarixə malik olan ikinci media orqanı yoxdu.
Redaksiyamızda işçi rəhbər münasibətlərində demokratiya var”.
Siyasətdən yazan Etibar Seyidağa da 30 yaşlı qəzetdə 13 ildir işləyir: “Bura gəlmədən əvvəl də “Yeni Müsavat”ın daimi oxuyucusu idim. Ağlıma gəlməzdir ki, bu tarixi qəzetdə işləyim.
Qəzetin 30 ilinin 13 ilində iştirak etmək böyük məsuliyyətdir”.
“Yeni Müsavat”ın köhnə əməkdaşlarından olan Elşad Paşasoy 20 ildir burada çalışır. Paşasoy ötən müddətdə qəzetdə minlərlə məqaləyə, yüzlərlə yaddaqalan müsahibə və reportajlara imza atıb. Bununla qürur dyuyur: “Bu illər ərzində uzun və şərəfli yol keçdiyimizi deyə bilərik.
Təkcə ölkənin deyil,
“Yeni Müsavat”ın canlı yayımlarının aparıcısı Sevinc Telmanqızı bildirir ki, oxucular üçün yeni mərhələ başlayıb: “Bu mənada “Yeni Müsavat”ın canlı yayım platforması uğurlu bir variant oldu. Fikirləşdik ki, həm tamaşaçı toplayaq, həm də gündəmlə bağlı müzakirə edək. İşə başladıq və digər işlərimiz kimi qısa zamanda böyük uğur qazandıq.
Bu demokratik mühit burada olduqca mən də olacam”.
Redaksiyada Məğrur-Nərgiz Salmanova cütlüyü və Məhəmməd Türkmən-Könül İbrahim cütlüyü də çalışır.
N.Salmanova “Yeni Müsavat”da hər bir jurnalistin arzulayacağı iş mühitinin olduğunu deyir: “Yeni Müsavat” hər zaman dövrlə ayaqlaşıb, artıq burada təkcə qəzetçilik deyil, yeni medianın imkanlarından da geniş istifadə olunur. Saytımız multimedia bölməsi var. Canlı yayımlarımız kifayət qədər nüfuz qazanıb, siyasi, sosial-iqtisadi verilişlərimiz olur. Bura elə bir iş mühitidir ki, hər bir jurnalist qəzetçiliklə yanaşı, televiziya jurnalistikası ilə bağlı bacarıqlarından da istifadə edə bilər. Bundan əlavə, “Yeni Müsavat”ı mənim üçün doğmalaşdıran həyat yoldaşımın burada çalışmasıdır. Məğrur Salmanov videoreportyor və canlı yayımların efir rejissorudur. Ona görə, “Yeni Müsavat” mənim üçün iş yeri deyil, həm də bir ailədi, doğma bir mühitdir”.
“Yeni Müsavat”ın şou-biznes müxbiri Könül İbrahim bildirib ki, 4 ildir burada işləyir: “Burada şou-biznes zəif idi, gəlib sahəni inkişaf etdirdim.
Bəzi müğənnilər “Yeni Müsavat"a gəlməkdən qorxurdu, amma indi özləri gəlmək istəyir. Həyat yoldaşımla birlikdə işləmək çətin və maraqlıdı”.
Keçirik “Yeni Müsavat”ın yeməkxanasına. “Müsavatçılar”ın sevimlisi olan aşpaz Mahuzər Məmmədova deyir ki, onun bişirdiyi yeməkləri redaksiyada hamı bəh-bəhlə yeyir: “Jurnalistlər daha çox ət yeməyi istəyir. Yemək menyusu hər gün dəyişir.
Rauf bəy özü də burada yemək yeyir, xəmir yeməkləri bişirərkən onun payını da mütləq saxlayıram. Rauf bəy “mənim jurnalistlərimi ac saxlama” deyir. Mən jurnalistləri, onlar da məni çox istəyir”.
P.S. Biz reportaj hazırlayan zaman qəzetin qurucusu Rauf Arifoğlu AzTV-də çəkilişdə olduğundan, onun fikirlərini öyrənə bilmədik.
Müxbir: Qafar Ağayev
Foto:Elçin Murad