Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti müəyyənləşir.
“Report” xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından, fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları nəzərdə tutulan informasiya sisteminə daxil edəcək.
Təhlükəli ərazidə, o cümlədən dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana 5 iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla qarşılıqlı əlaqədə həyata keçirilməlidir.
Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə icraçılar şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərini görməli, təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin tətbiq etməli, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın şəkildə işarələməlidirlər.
Bundan başqa minatəmizləyənlər, mexaniki vasitələr və minatəmizləmə fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması, təhlükəli ərazilərdən kənarda zəruri dəstəyi (əməliyyatların icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası, nəqliyyat vasitələrinin duracağı və s.) təşkil etməlidirlər.
Həmçinin icraçılar təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın təşkil edilməsinə riayət etməlidirlər.
Texniki tədqiqat və təmizləmə qiymətləndirilmədən müvəffəqiyyətlə keçən və müvafiq sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə yetiriləcək.
Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tələblərə uyğun olaraq azı 3 iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandınımalıdır.
Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilən əşyanın mədəni və ya tarixi əhəmiyyətə malik olması ehtimalı olarsa, həmin ərazidə işlər dayandırılır və əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması təmin edilməklə icraçı tərəfindən dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verilir.
Minatəmizləmə fəaliyyəti zamanı insan meyiti (meyit hissələr) və ya qalıqları aşkarlandıqda həmin ərazini qorumaq şərtilə icraçı tərəfindən bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada məlumat verilir.