“Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
O, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işlərinin geniş vüsət aldığını xatırladıb:
“Artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb”.
“Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilən uğurlar dünyanın diqqətini Azərbaycana cəlb edib.
Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verib – dövlətimizin taleyüklü problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunub.
Azərbaycan Respublikası gələcəyə inamla baxan, dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. İnamla söyləmək olar ki, həyata keçirilən uzaqgörən siyasət Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də yeni-yeni uğurlar gətirəcək” - MM sədri vurğulayıb.