"Report" Milli Məclisin deputatı Əminə Ağazadənin məqaləsini təqdim edir.
Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında hələ üzun müddət müxtəlif səpkili araşdırmalar, analizlər aparılacaq, kitablar yazılacaqdır. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır. Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. İndi haqlı olaraq xalqımız 30 ilə qədər bir dövr ərzində işğal altında olan torpaqlarımızın azad edilməsini, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, böyük sevinclə bayram edir.
Özünün Vətən Müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış, əslində reallıqla heç bir əlaqəsi olmayan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycan öz ərazi bütövlüyü bərpa etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı heç şübhəsiz Azərbaycan dövlətinin maraqlarına tam uyöun olaraq hazırlanıb və bu həm də tarixi diplomatik qələbədir. Azərbaycan ordusunun Döyüş meydanında qazandığı qələbə siyasi müstəvidə də çoxillik arzularımızın həyata keçməsinə zəmin yaratdı. Regionda hərbi-siyasi vəziyyətin dəyişməsi Naxçıvanın da blokadadan azad olunmasına imkan verdi.
Hesab edirəm ki, bu sənədin ən vacib məqamlardan biri də münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması və Türkiyə dövlətinin bu mərkəzdə təmsil olunmasıdır. Tərəflər arasında imzalanmış bəyanatın bütün müddəaları ilk növbədə ölkəmizin, xalqımızın maksimum səmərəsinə hesablanmışdır.
Dağlıq Qarabağla bağlı artıq heç bir status mövcud deyil, bu ərazidə olan bütün yaşayış məntəqələri Azərbaycan dövlətinin ayrılmaz hissəsi, bütöv Vətən torpağıdır.
Bu gün Ermənistanda müşahidə etdiyimiz sosial-siyasi mənzərə erməni cəmiyyətindəki xaosun, özbaşnalığın aydın nümunəsidir. Son 30 il müddətində heç bir danışıqlara, dünya dövlətlərin çağırışlarına qulaq asmayan, özü üçün yaratdığı “alı irq”, “yenilməz cəngavər” mifi ilə beynəlxalq arenada lovğalanan Ermənistan hakimiyyəti artıq vətəndaş müharibəsi astanasına qədər yuvarlanmış miskin bir vəziyyətdədir. Bir-birini xəyanətdə, ikiüzlülükdə günahlandıran erməni siyasi liderləri hər gün bu xaosun daha da dərinləşməsinə, erməni cəmiyyətinin dibi görünməyən bir quyuya sürüklənməsinə rəvac verirlər. Ermənistanda artıq başa düşürlər ki, minlərlə gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə ölkəni daha da dözülməz vəziyyətə çatdıracaqdır.
Xalqımızın bu zəfəri müasir tariximizdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi. Bu Qələbə Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanının, Azərbaycan əsgərinindir. Bu Qələbə dönməzdir, əbədidir!