Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.
"Report" xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklfi edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.
Eyni zamanda uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.