Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.
“Report” xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edəcək.
İcraçı 15 gün müddətində nəzərdə tutulmuş pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir.
Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılacaq.
Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi apanidıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdiriləcək.