Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşüb, Azərbaycanda keçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu təqdim edib.
"Report" xəbər verir ki, Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu vurğulayaraq iki ölkə arasında münasibətlərin inkişaf etdiyini söyləyib.
Prezident Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu söyləyərək xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.
S.Qafarova bu ilin yanvar ayında Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə toxunaraq Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. Spiker Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələri də tənqid edib.
MM sədri həmçinin bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri də tənqid edərək ölkəsinin öz yolu ilə getdiyini söyləyib. O, sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.
Eyni zamanda S.Qafarova Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımlarından da danışıb, bu ölkənin sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyduğunu vurğulayıb.
Y.Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini və bunun regionun inkişafına töhfə verəcəyini bildirib.
MM sədri sonda "Qarabağ işğaldan əvvəl və sonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.