Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Rusiya Prerzidenti Vladimir Putinin sonuncu görüşləri bunu bir daha göstərir. Amma təssüflə deməliyəm ki, oktaybrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini "sülhlə bağlı" adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağdakı erməni separatçıları başlayıblar”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib.
“Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib? Qarabağ müharibəsi zamanı erməni seperatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olublar. Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram” - deputat əlavə edib.