Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edilib

Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edilib Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.
Milli Məclis
298
12 Noyabr , 2021 20:01
Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclası Konstitusiya Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü ilə bağlı təbrik sözləri ilə açan Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanın Vətən müharibəsindəki zəfərinin əhəmiyyətindən danışıb. Son 200 illik tarixində Azərbaycanın ilk dəfə parlaq qələbə ilə ərazilərini geri aldığını deyən komitə sədri bununla da “Böyük Ermənistan” ideyasının məhv edildiyini diqqətə çatdırıb. Vitse-spiker qələbənin qazanılmasında dövlət başçısının lider keyfiyyətlərini, onun yeritdiyi siyasəti, dövlət-xalq birliyini, silahlı qüvvələrimizin şücaətini xüsusi qeyd edib.

Bütün bu uğurların əsasında iqtisadi inkişafın və onun hərəkətverici qüvvəsi olan dövlət büdcəsinin dayandığını vurğulayan Fəzail İbrahimli 5 komitənin bugünkü birgə iclasına da “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını da bu cəhətdən əlamətdar adlandırıb.

Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsində keçən ilə nisbətən gələn il üçün büdcə xərcləri artırılaraq 29 milyard 879 milyon manat məbləğində təklif olunur. Bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-nin 34,5%-nə bərabərdir. Cari ildə olduğu kimi növbəti ildə də dövlət büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına xüsusi önəm verilib.

Eyni zamanda silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, eyni zamanda dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün prioritet istiqamət kimi 4 milyard 990 milyon manat vəsait ayrılıb ki, bu da dövlət büdcəsi xərclərinin 15%-nə bərabərdir.

Qeyd olunub ki, həmin ərazilərdə hüquq-mühafizə orqanlarının xidmətlərinin təşkili və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinin maliyyə təminatının yaradılması üçün dövlət büdcəsində müvafiq olaraq əməyin ödənişi fondu xərcləri növbəti ildə 761 milyon manat və yaxud 26,4% artırılıb.

Digər prioritet xərc istiqaməti kimi xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiənin təmin edilməsi xərclərinin dayandığı bildirilib. 2022-cil ildə sosial yönümlü xərclər cari illə müqayisədə 1 milyard 649 milyon manat və yaxud 13,5% artırılaraq 13 milyard 851 milyon manata çatdırılır. Beləliklə də onların büdcədə xüsusi çəkisi 46,4% olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsində gələn il yanvarın 1-dən əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və digər sosial ödənişlərin artırılması üçün 1 milyard 440 milyon manat məbləğində müvafiq maliyyə təminatı təmin edilib.

Növbəti ilin prioritet vəzifələri sırasında təhsil xərclərinin də xüsusi yer tutduğunu deyən nazir Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun növbəti 5 il üçün sosial-iqtisadi inkişaf strategiyası hazırlandığını deyib.

Həmin inkişaf prioritetlərində təhsilin xüsusi prioritet kimi qeyd olunduğunu deyən nazir müzakirə edilən büdcə layihəsində də əvvəlki illərə nisbətə daha artıq vəsaitin - 3 milyard 884 milyon manat (cari illə müqayisədə 607 milyon manat və ya 18,5% çox) ayrıldığını qeyd edib. Bildirib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının genişləndirilməsi üçün yeni yaradılan Tələbə Kredit Fondunun nizamnamə kapitalının 102 milyon manata çatdırılması, növbəti tədris ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının əvvəlki illə müqayisədə 15893 nəfər artırılması nəzərdə tutulub.

Həmçinin dövlət hesabına təhsil alan tələbələrin sayının 2569 nəfər artırılması, təqaüd alan tələblərin sayının isə 12 mindən artır bir həddə çatdırılması nəzərdə tutulub.

Gənc mütəxəssislərin kənd rayonlarındakı ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə ayrılan vəsait də 50% artırılıb.

Qeyd edilib ki, büdcədə elm xərcləri cari illə müqayisədə 20 milyon manat çox olmaqla 203 milyon manat nəzərdə tutulub.

Növbəti ilin büdcəsində səhiyyəyə ayrılan vəsaitin yenə prioritet xərc istiqaməti kimi qaldığını deyən nazir bu məbləğin 1 milyard 789 milyon manat (cari ilə nisbətən 119 milyon manat çox) təşkil edəcəyini, bunun da əsas hissəsinin icbari tibbi sığorta ilə bağlı dövlətin öhdəliklərinin yerinə yetirilməsinə sərf ediləcəyini bildirib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2022-ci ilin Dövlət Büdcəsinə dair hazırladığı rəyini təqdim edib. Bildirilib ki, Hesablama Palatasının 2022-ci ilin Dövlət Büdcəsi layihəsi ilə bağlı hazırlanmış rəyi müvafiq qaydada parlamentə təqdim olunub. Rəydə büdcənin icra olunacağı makro mühitin əsas parametrlərinə uyğun təhlillər aparılıb.

Vüqar Gülməmmədov büdcə zərfində göstərilən risklərlə yanaşı, Hesablama Palatası tərəfindən müəyyən edilən əlavə fiskal risklər barədə ətraflı məlumatın və onun qiymətləndirilməsinin də rəydə əks olunduğunu qeyd edib.

Birgə iclasda 2022-ci ilin Dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Hicran Hüseynova, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, komitələrin sədr müavinləri Fazil Mustafa, Məlahət İbrahimqızı, Sahib Alıyev, deputatlar Etibar Əliyev, Şahin Seyidzadə, İlham Məmmədov, Sevil Mikayılova, Soltan Məmmədov, Rauf Əliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış ediblər.

Çıxışçılar 2022-ci ilin təklif olunan dövlət büdcəsini qalib ölkənin qalib büdcəsi kimi xarakterizə ediblər. Sahələr üzrə xərclərin artırılmasını təqdirlə qarşılayıblar. Bəzi sahələr üzrə vəsaitlərin artırılması ilə bağlı fikirlərini bildiriblər. Tibbi tədqiqatların, onkoloji xəstələrin diqqətdə saxlanılması, dərman sektorunun sağlamlaşdırılması, şəhid ailələri, qazilər, hərbi qulluqçuların, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, elmin və təhsilin keyfiyyətinin yüksəldilməsi, mədəniyyət sahələrinin dəstəklənməsi kimi istiqamətlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

11:03

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.

"Report"un xəbərinə görə, toplantıda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunur.

İclasda hökumət nümayəndələri, deputatlar iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi